Nicat Abbasov İddiaçılar Turnirinə heç-heçə ilə başladı

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş şahmat üzrə İddiaçılar Turnirində ilk görüşünü keçirib.

Arena.az xəbər verir ki, yarışa ötən gün – aprelin 5-də start verilib.

Bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abbasov təmsil edir. O, ilk turda dünya vitse-çempionu Yan Nepomniyaşşi (FIDE) ilə qarşılaşıb. Şahmatçımız bu rəqibi ilə heç-heçəyə razılaşıb. Partiya 34-cü gedişdə başa çatıb.

Maraqlıdır ki, ilk turun digər görüşləri də sülhlə başa çatıb.

Əlirza Firuzja (Fransa) – Rameşbabu Praqnanandha (Hindistan) 1/2:1/2
Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ) 1/2:1/2
Qukeş Dommaraju (Hindistan) – Vidit Qucrati (Hindistan) 1/2:1/2

Beləliklə də, ilk turdan sonra 8 iddiaçının hamısının yarım xalı var. Bu gün həmyerlimiz qara fiqurlarla Fabiano Karuana ilə oynayacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: