Voyçex Şesnı: “AÇ-2024-dən sonra milli karyeramı bitirəcəyəm”

Polşa yığmasının və “Yuventus”un qapıçısı Voyçex Şesnı qarşıdakı AÇ-2024-dən sonra yığma komandada çıxışına xitam verəcəyini bildirib.

Arena.az “Corriere dello Sport” nəşrinin “Foot Truck” dərgisinə istinadı əsasında polyak qapıçının bu barədə fikirlərini təqdim edir:

“AÇ-2024-dən sonra gedəcəyəm. Heç kim məni bu qərarımı dəyişməyə inandıra bilməz. Ailəm bizim planlarımızın nə olduğunu bilir və düşünürəm ki, bu, hər şeyin təbii qaydası olduğunu başa düşürlər. Dünya Çempionatına hazırlığın yeni mərhələsini başa çatdırmaq mümkün deyilsə, bunu başlamağın da mənası yoxdur.

Yığmada qalıb Millətlər Liqasında bir neçə oyun keçirməliyəmmi? Düşünürəm ki, bu işi başqalarına həvalə etmək daha yaxşıdır”, deyə Voyçex bildirib.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Topçular”ın məxsus olaraq Şensnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.

2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,40 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb. Polyak qapıçının “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 23 qol quraxıb, 13 oyunda qapısının toxunulmazlığını təmin edib.

Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 81 oyuna 77 qol “yeyib”, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Voytsex Şensnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 33 yaşlı polyak qapıçının trandfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: