İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal Kataloniya təmsilçisində “10” nömrəli formanı geyinmək arzusundan danışıb.
Arena.az xəbər verir ki, o, hazırda “Brayton”da icarə əsasında çıxış edən Ansu Fatinin yenidən Kataloniya komandasını tərk etməsi şərti ilə növbəti mövsüm üçün klubda “10” nömrə altında çıxışı ehtimalını belə şərh edib:
“Bu Ansunun nömrəsidir, amma o, burada qalmasa, bu, qürurverici məqam olacaq. “Barselona”nın “10” nömrəsi olmaq hər bir uşağın arzusudur. Bu dünyada heç kim yox deməyəcək, amma bu, klubun qərar verməli olduğu bir məqamdır”, deyə Yamal vurğulayıb.
Xatırladaq ki, Lamin Yamal “Barselona” klubunun öz yetirməsidir. O, 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb. O, bu matçlarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.
“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı sağ vinger Lamin Yamalın transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


