Borisov gürcülərlə oyunda razı və narazı qaldığı məqamları açıqladı

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün Gürcüstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, futzal yığmamız bu gün beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Matçla bağlı komandamızın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə bunları deyib:

“Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar.

Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: