“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger “qaymaqlılar”ın portuqaliyalı keçmiş mərkəz müdafiəçisi Pepe haqda söhbət açıb.
Arena.az “CARRE” “Youtube” kanalına istinadən məlumat verir ki, Rüdiger hazırda “Portu”nun kapitanı olan 41 yaşlı Pepenin onun sevimli futbolçusu olduğunu bildirib.
“Mənim sevimli futbolçum Pepedir. Ən sevdiyim bacarığım? Rəqiblərimə hərbə-zorba gəlməkdir. Bəli, Pepe ilə aramızda oxşarlıqlar görürəm, amma düzünü desəm, o, başqa səviyyədədir”, deyə Rüdiger bildirib.
Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 42 oyuna 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 95 oyun, 4 qol, 2 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 68 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


