Şimon Marçinyak AÇ-2024-ün açılış oyunundan kənarlaşdırıldı

Çempionlar Liqasının cavab yarımfinalının “Real” – “Bayern” oyununun (2:1) polyak baş hakimi Şimon Marçinyak haqda tədbir görülüb.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Marçinyak AÇ-2024-də meydan sahibi Almaniya yığmasının Şotlandiya yığmasına qarşı iyunun 14-də keçirəcəyi açılış oyunda işdən kənarlaşdırılıb.

Mənbənin məlumatına görə, UEFA “Real” – “Bayern” oyununun son dəqiqələrində yol verdiyi səhvə görə Marçinyakın bu oyuna təyinatına yenidən baxmağa qərar verib.

Xatırladaq ki, sözügedən oyunun sonunda “Bayern”in alman sağ cinah müdafiəçisi Yozua Kimmixin uzun ötürməsindən sonra niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt əlverişli vəziyyətə topu qəbul edib və qol vurmaq üçün fürsət yaxalayıb. Bununla belə, əvvəlcə, oyunun yan xətt hakimini Tomaş Listkeviçin bayrağı havaya qalxıb. Ardınca, oyunun polyak baş hakim Şimon Marçinyakın bu məqamın sonunu gözləmədən oyundankənar vəziyyəti qeydə alan fiti səslənib. Saniyələr içində hadisələrin sürətli inkişafı və hakimin fitindən sonra ani rahatlamış “Real” müdafiəsi De Liqtin instinktiv surətdə dəqiq zərbəsi ilə qapısında qol görüb. Məlum olduğu kimi, “Bayern”in vurduğu bu qol hesaba alınmayıb.

Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Real”, Madriddəki cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, mötəbər yarışın finalına yüksəlib.

Vurğulayaq ki, Şimon Marçinyak nüfuzlu hakimdir. O, DÇ-2022-nin Argentina – Fransa finalını idarə edib. Həmin oyun Argentina yığmasının dünya çempionluğunu qazanması ilə əlamətdardır (əsas və əlavə vaxt: 3:3, penaltilərlə: 4:2).

Xəbəri sosial şəbəkələrdə paylaş: