Türkiyəli futbol mütəxəssisi Ərtoğrul Sağlam bir neçə aylıq fasilədən sonra yenidən “Kocaelispor”un baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sağlam bu postda yenicə istefaya göndərilmiş Mustafa Gürseli əvəz edib. 54 yaşlı mütəxəssislə 1,5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ərtoğrul Sağlam “Kocaelispor” üçün tanış məşqçidir. O, ötən ilin iyun ayından bu ilin fevralına kimi məhz bu komandaya rəhbərlik edib. Həmin vaxt klub rəhbərliyi Mustafa Gürseli baş məşqçi təyin etsə də, qısa müddətdən sonra yenidən Sağlamı geri qaytarmaq məcburiyyətində qalıb.
Kocaeli təmsilçisi vaxtilə Ərtoğrul Sağlamın rəhbərliyi altında bütövlükdə 24 oyun keçirib, 13 qələbə qazanıb, 4 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Mustafa Gürselin dönəmində isə komanda 11 matçda 3 qələbə qazanıb, 3 heç-heçə oynayıb və 5 dəfə uduzub.
Qeyd edək ki, “Kocaelispor” Birinci Liqada 2023/2024 mövsümünün əsas hissəsini 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq. İzmit klubu əvvəlcə “Çorum”la qarşılaşacaq.
“Kocaelispor”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də forma geyinir. O, “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Ramilin Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 15 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.


