“İnter Mayami”nin həmsahibi Devid Bekhem “vağlar”ın sükanı arxasına alman mütəxəssis Yurgen Klopun dəvəti haqda sualı cavablayıb.
Arena.az “Smartless” podkastına istinadən, ötənlərin məşhur ingilis futbolçusu, hazırda uğurlu iş adamı Bekhemin bu barədə cavabını təqdim edir:
“Bizim çox pulumuz qalmayıb” – deyə Bekhem etiraf edib.
Həmçinin Bekhem Yurgen Klopun “Liverpul”un baş məşqçisi vəzifəsindən gedişini şərh edərək, alman mütəxəssisə heyranlığını ifadə edib:
“Hətta “Mançester Yunayted” azarkeşi kimi mən Yurgen Klopu sevirəm. Onun xasiyyətini, şəxsiyyətini və idmana gətirdiklərini bəyənirəm. “Mançester Yunayted”dəki bəzi dostlarım məni öldürərlər, amma onun gedişini görmək, məni çox kədərləndirir. Onun klub və idman üçün etdikləri inanılmaz idi”, deyə Bekhem bildirib.
Yurgen Klopp “Liverpul”un sükanı arxasına 2015-ci il oktyabrın 8-dən gəlib. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.
Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.
Alman mütəxəssis gedişinin səbəbini daha “Liverpul”u çalışdırmaq üçün güc-qüvvəsinin qalmaması ilə izah edib və müəyyən qədər istirahətə və ailəsi ilə vaxt keçirməyə ehtiyac duyduğunu bildirib.


