Yunanıstan Kubokunun finalında biabırçılıq – qadın hakimi…

2023/2024-cü illər futbol üzrə Yunanıstan Kubokunun finalında “Panatinaikos” və “Aris” komandaları qarşılaşıblar.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, oyun gərgin keçib və sonda idman adına yaraşmayan biabırçılıq yaşanıb.

Mənbənin məlumatına görə, oyuna fransız qadın hakim Stefani Frappar dəvət edilib. Bu qərar komandalardan hər hansı birinə qarşı qərəzlilikdən sığortalanmaq, eləcə də korrupsiya risklərini azaltmaq üçün qəbul edilib.

Gərgin mübarizə şəraitində keçmiş oyunda hakim oyunçuları vərəqələrlə cəzalandırmalı olub. Sarı vərəqələrlə yanaşı, “Panatinaikos”un bir, “Aris”in isə iki futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub.

“Panatinaikos”un müdafiəçisi Georgios Vayannidisin oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+7-ci dəqiqədə) vurduğu qələbə qolundan dərhal sonra başa çatmış görüşün sonunda “Aris”in futbolçuları və heyəti Frappara sarı qaçıb. Qonaq qismində olan qadın hakim uduzmuş komandanın oyunçuları və heyətinin müstəsna aqressiv təsirinə məruz qalıb. Qadınla haqq-hesab çəkməyə qalxmış bir dəstə kişinin utancverici davranışı canlı yayımda bütün dünyaya səs salıb.

Yerli polis qadın hakimin ətrafında təhlükəsiz dairəsi yaradıb və ona fiziki zərərin qarşısını almaq üçün meydanı tərk etməsinə kömək etməyə məcbur olub.

“Panatinaikos” 20-ci dəfə Yunanıstan Kubokunun qalibi olub. “Yoncalar”ın hesabında 10 gümüş medal da var. “Aris” isə uzaq 1970-ci ildə ölkə kubokunu qazanıb və sonralar 9 dəfə finala yüksəlsə də, hamısında məğlub olub.

Yunanıstan Kubokunu ən çox qazanmış klub isə Pirey “Olimpiakos”udur. “Əfsanə” 28 dəfə qalib, 13 dəfə isə fiinalçı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: