Azərbaycan boksçusu Malik Həsənov bu il Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Arena.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığmamızın üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
Boksçumuz 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Malik Həsənov yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü vəsiqə olub. Daha əvvəl Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) də eyni nailiyyətə imza atıblar.
Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də başa çatacaq. Boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.


