“Əl-Hilal”ın və Braziliya millisinin ulduzu, hücumçu Neymar nə vaxtsa heyətində oynamaq istədiyi klubun adını açıqlayıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, braziliyalı ulduzun bu barədə fikirlərini təqdim edir:
“Mən həmişə demişəm ki, “Flamenqo”da oynamaq istəyirəm. Sözsüz ki, bu, mənim, “Santos”dan sonra ikinci sevimli komandamdır. Məşq etdiyim və uşaqlıqdan azarkeşi olduğum kluba hörmətimlə, “Flamenqo”nu həqiqətən sevirəm.
Bir gün burada oynaya bilsəm, əlbəttə ki, çox məmnun olaram. Bunun nə vaxtsa olub-olmayacağını bilmirəm, ancaq tanrı bilir. Hələlik isə “Əl-Hilal”la müqaviləm var, amma gələcəkdə bizi nə gözlədiyini heç kim bilmir”.
Vurğulayaq ki, “Flamenqo” Braziliyada ən sevimli klub – xalq komandasıdır. Bir çox məlumata görə, 203 milyon nəfərdən artıq əhalisi olan Braziliyada hər 5-ci kəs “Flamenqo”ya azarkeşlik edir. “Urubu”nun 47 milyon nəfərdən çox azarkeşi var ki, bu da ölkə əhalinin beşdə birindən bir qədər artıq, təxminən 22% təşkil edir. Qeyri-rəsmi məlumata əsasən, “Flamenqo” dünyada ən çox sadiq azarkeşi olan klubdur.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti azacıq uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


