Kaka AÇ-2024-dəki İngiltərə yığmasının müdafiəsi haqda danışdı

Futbol üzrə Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kaka AÇ-2024-də çıxış edən İngiltərə yığmasının müdafiə xətti haqda danışıb.

Arena.az Kakanın bu barədə fikirlərini təqdim edir:

“Şəxsən mən İngiltərə yığmasının müdafiəsinin həssas olduğunu düşünmürəm. Əslində, məncə, İngiltərə yığmasının çox yaxşı müdafiəçiləri var. Həm də söhbət fərdi oyunçudan və ya konkret xəttdən deyil, bütövlükdə rəqabətdən gedir. Bu, meydandakı bütün oyunçulara aiddir, çünki müdafiənin təşkili hücumçulardan başlayır. Onlar müdafiə üçün yön təyin etmək və onun təhlükəli nöqtəyə çatmasının qarşısını almaq üçün məsuliyyət daşıyırlar. Ona görə də, fikrimcə, əsas odur ki, komandanın oyununda düzgün tarazlıq tapılsın, konkret bir xətt üzərində cəmlənilməsin. Əgər siz bu tarazılığı əldə edə bilsəniz, bu, qalib gəlmək imkanınızı artıracaq”, deyə Kaka vurğulayıb.

Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-ə Serbiya üzərindəki 1:0 hesablı qələbə ilə başlayıb. Qaret Sautqeytin rəhbərlik etdiyi komanda hazırda C qrupunda 3 xalla vahid liderdir. Qarşıda ingilisləri Danimarka və Sloveniya yığmaları ilə oyunlar gözləyir. İngiltərə yığması növbəti oyununu iyunun 20-də Danimarka milli komandası ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: