“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə ilk oyununu Macarıstanda keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyi qərar qəbul edib.
İsraildə müharibə şəraiti davam etdiyi üçün sözügedən qurumlar klubların avrokuboklardakı ev oyunlarının keçirilməsinə görə Macarıstana müraciət ediblər.
Yekun qərara əsasən, Təl-Əviv “Makkabi”sinin, Hayfa “Makkabi”sinin və “Hapoel”in avrokuboklardakı ev oyunları Macarıstanda təşkil olunacaq.
Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək. “Sabah” ilk oyununu səfərdə, cavab görüşünü isə Bakıda keçirəcək.


