Futbol üzrə Kolumbiya milli komandasının sabiq hücumçusu Radamel Falkao İspaniyanın “Rayo Valyekano” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, o, bundan sonra Kolumbiya təmsilçisi “Milyonarios”un formasını geyinəcək.
Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı futbolçu 2024-cü ilin sonuna qədər bu komandasının uğurları üçün çalışacaq. O, İspaniya klubundan azad agent kimi ayrıldığı üçün “Milyonarios”u artıq xərcə salmayıb.
Xatırladaq ki, Radamel Falkao 2021-ci ilin sentyabr ayından “Rayo Valyekano”da çıxış edirdi. Təcrübəli hücumçu İspaniya klubunun heyətində 80 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Falkao 13 yaşına kimi “Milyonarios”un yeniyetmələrdən ibarət komandasında çıxış edib. Forvard karyerası ərzində “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko”, “Portu” və “River Pleyt”də də çıxış edib.
Radamel Falkaonun qazandığı titulların siyahısı da genişdir:
“River Pleyt”lə Argentina çempionu (2008)
“Portu” ilə Portuqaliya Kubokunun qalibi (2010, 2011)
“Portu” ilə Portuqaliya çempionu (2010/11, 2011/12)
“Portu” ilə Avropa Liqasının qalibi (2010/11)
“Portu” ilə Portuqaliya Super Kubokunun qalibi (2011, 2012)
“Atletiko” ilə Avropa Liqasıbın qalibi (2011/12)
“Atletiko” ilə İspaniya Kubokunun qalibi (2012/12)
“Atletiko” ilə Avropa Super Kubokununun (2012/2013)
“Monako” ilə Fransa çempionu (2016/2017)
Radamel 2007-ci ilin fevral ayında debüt etdiyi Kolumbiya milli komandasının heyətində 105 oyuna çıxıb, 36 qol vurub, 4 assis müəllifi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


