Mişi Batşuayi “Fənərbaxça”nı “Qalatasaray”a dəyişdi – Rəsmi

Futbol üzrə Belçika yığmasının və “Fənərbaxça”nın hücumçusu Mişi Batşuayi bundan sonra “Qalatasaray”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” yeni hücumçusunun ilinə 3 milyon avro qazanacağını açıqlayıb. Üstəlik, futbolçuya 3 milyon avro imza pulu ödəniləcək. Bu məbləğin 1,5 milyonu qarşıdakı mövsümdə, 1 milyonu 2025/2026 mövsümündə, qalan 500 min avrosu isə 2026/2027 mövsümündə futbolçuya çatacaq.

Xatırladaq ki, Mişi Batşuayi 2022-ci ildən “Fənərbaxça”da çıxış edirdi. İstanbul klubu həmin vaxt onu İngiltərənin “Çelsi” klubundan transfer etmiş və 2+1 illik müqavilə bağlamışdı.

Batşuayi geridə qalmış iki mövsüm ərzində “Fənərbaxça”da bütövlükdə 75 oyuna çıxıb. O, bu oyunlarda 44 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Belçikalı forvard vaxtilə Türkiyənin digər təmsilçisi “Beşiktaş”da da forma geyinib. İstanbul təmsilçisində icarədə oynamış futbolçu “qara qartallar”ın heyətində 42 oyuna 14 qol vurub, 5 assist müəllifi olub.

Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan Batşuayi karyerası ərzində “Olimpik” (Marsel), “Çelsi”, “Borussiya” (Dortmund), “Valensiya”, “Kristal Pelas” kimi kollektivlərdə də oynayıb.

2015-ci ilin mart ayında Belçika milli komandasında debüt etmiş Mişi Batşuati, əsas yığmada 56 oyuna çıxıb, 27 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 8,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: