Fransalı futbol mütəxəssisi Didye Diqar Liqa 1-də mübarizə aparan “Havr” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
37 yaşlı mütəxəssislə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Diqar “Havr”ın baş məşqçi postunda bu yay sözügedən klubu “Reyms”ə dəyişmiş Luka Elsneri əvəz edib.
Didye Diqar daha öncə yalnız “Nitsa”nın aşağı yaş qrupları üzrə komandalarında çalışıb. O, son mövsümdə bu klubun B komandasının baş məşqçisi olub. Bir sözlə, “Havr” gənc fransız mütəxəssis üçün ilk ciddi sınaq olacaq.
“Havr” heyətinə yeni futbolçu da cəlb edib. Liqa 1 təmsilçisi “Valansyen”in hücumameyilli yarımmüdafiəçisi İsmail Buneblə güclənib. 18 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
“Valansyen”in yetirməsi olan İsmail Buneb bu klubun əsas komandasında cəmi 1 oyuna çıxıb. “Havr” Əlcəzair əsilli fransalı futbolçunu azad agent kimi heyətinə qatıb. Buneb Fransanın U-17 və U-18 yığmalarında da forma geyinib.
Əvəzində qapıçı Məhəmməd Kone “Havr”ı tərk edib. 22 yaşlı fransalı qolkiper Belçikanın “Şarlerua” klubuna keçib. O, yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
Məhəmməd Kone “Havr”ın yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 1 oyuna çıxıb və 1 qol buraxıb. Ötən mövsümü “Dyunkerk” klubunda icarədə keçirmiş qolkiper bu komandada 15 oyun keçirib, 17 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.


