Vitali Borisov: “ÇL-də işimiz çətin olacaq”

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Bu yarışda Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan” 2024/2025 mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” ilə yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək.

Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik. Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi İsveçdə də futzal inkişafdadır. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bu gündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: