Veysəl Rzayev “Sabah”ı birdəfəlik tərk etdi – Rəsmi

Son iki mövsümü icarə əsasında “Turan Tovuz”da keçirmiş yarımmüdafiəçi Veysəl Rzayev müqavilə ilə məxsus olduğu “Sabah”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi “Turan Tovuz” klubuna transfer olunub. “Bayquşlar” Veysələ göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Turan Tovuz” isə hələlik Rzayevin birdəfəlik transferi ilə bağlı rəsmi açıqlama yaymayıb. Bu üzdən də gənc yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti və digər detalları məlum deyil.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Veysəl Rzayev, 2020-ci ildən “Sabah”da olsa da, bu komandada cəmi 17 oyun keçirib. Son iki mövsümdə isə o, icarə əsasında “Turan Tovuz”un uğurları üçün çalışıb.

Veysəl Tovuz təmsilçisinin heyətində bütövlükdə 58 oyuna çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Sabah” bu yay Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apehlə də yollarını ayırmışdı. Rauf Rüstəmli isə “Şamaxı”ya icarəyə verilib.

Əvəzində paytaxt klubu Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya) və Pavol Şafranko (“Sepsi”, Rumıniya) ilə güclənib. “Sabah” müqavilə ilə Ukraynanın “Dinamo” (Kiyev) klubuna məxsus olan Kahim Parrisin də transfer hüquqlarını alıb.

“Turan Tovuz” isə Veysəldən öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya) və Kristian da Silvanı (“Sabah”) heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: