Karrager: “Ten Haqı noyabra qədər istefaya göndərəcəklər”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Premyer Liqanın yeni mövsümü ilə bağlı azarkeşlərə danışarkən “təxribatçı fikir” səsləndirib.

Arena.az Karragerin bu barədə fikrini təqdim edir:

“Mənim təxribatçı fikrim nədir? Ten Haq beynəlxalq fasiləyə qədər – noyabr ayına qədər qovulacaq”, deyə Karrager vurğulayıb.

Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.

Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 114 oyuna çıxarıb, 68 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət yaşayıb. Topların fərqi isə 207:156 nisbətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: