Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Çikaqo Fayr” klubu isveçrəli hücumameyilli yarımmüdafiəçi Cerdan Şakiri ilə yollarını ayırıb.
Arena.az bu barədə MLS təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. “Çikaqo Fayr” Şakiriyə xidmətlərinə görə təşəkkür edib, 32 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Cerdan Şakiri 2022-ci ilin fevral ayından “Çikaqo Fayr” klubunda forma geyinirdi. MLS təmsilçisi həmin vaxt onu Fransanın “Olimpik” (Lion) klubundan 7 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçunun ABŞ klubu ilə 2024-cü ilin sonunadək müqaviləsi vardı. O, bu komandanın heyətində 75 oyuna çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə verib.
Şakiri ötən ay İsveçrə millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. İsveçrənin U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Şakiri əsas millidə 2010-cu ilin mart ayında debüt etmişdi. O, bu müddət ərzində İsveçrə milli komandasının heyətində 125 oyuna çıxıb, 32 qol vurub, 34 məhsuldar ötürmə müəllifi olub.
Cerdan Şakiri daha öncə “Bazel”, “Bayern”, “İnter”, “Stok Siti” və “Liverpul” klublarında da forma geyinib.
“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


