Cerdan Şakiri İsveçrə klubuna keçdi – Rəsmi

Bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Çikaqo Fayr” klubundan ayrılan Cerdan Şakiri özünə yeni komanda tapıb.

Arena.az xəbər verir ki, isveçrəli hücumameyilli yarımmüdafiəçi yetirməsi olduğu “Bazel” klubuna qayıdıb.

Bu barədə İsveçrə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi köhnə-yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, “Bazel”də 10 nömrəli formanı geyinəcək.

Cerdan Şakiri futbola məhz “Bazel”də başlayıb. Klubun müxtəlif yaş qrupları üzrə kollektivlərində oynadıqdan sonra əsas komandaya yop tapan yarımmüdafiəçi, vaxtilə doğma klubunda 130 oyuna 23 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. “Bazel” onu 2012-ci ilin iyul ayında Almaniya nəhəngi “Bayern”ə satmış və 11,8 milyon avro qazanmışdı.

Şakiri 2022-ci ilin fevral ayından “Çikaqo Fayr” klubunda forma geyinirdi. MLS təmsilçisi həmin vaxt onu Fransanın “Olimpik” (Lion) klubundan 7 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçunun ABŞ klubu ilə 2024-cü ilin sonunadək müqaviləsi vardı. Amma bir neçə gün öncə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanmışdı. Şakiri bu komandanın heyətində 75 oyuna çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə verib.

İsveçrəli ulduz futbolçu “Bazel”, “Bayern”, “Olimpik” (Lion) və “Çikaqo Fayr”dan başqa “İnter”, “Stok Siti” və “Liverpul” klublarında da forma geyinib.

Şakiri ötən ay İsveçrə millisindəki karyerasını başa vurduğunu açıqlamışdı. İsveçrənin U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Şakiri əsas millidə 2010-cu ilin mart ayında debüt etmişdi. O, İsveçrə milli komandasının heyətində 125 oyuna çıxıb, 32 qol vurub, 34 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: