Vitali Borisov: “Bu gün daha sürətli oynadıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov Çempionlar Liqasının ilkin mərhələsində “Sillamae Silla”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, futzal üzrə UEFA Çempionlar Liqasının ilk mərhələsi çərçivəsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan Azərbaycan klubu bu rəqibini 7:0 hesabıyla məğlub edib.

Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Dünənki oyunla müqayisədə, bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” ilə matçda realizə edərik”.

Xatırladaq ki, “Araz-Naxçıvan” ilk turda “Sparta Belfast”a (Şimali İrlandiya) da qalib gəlmişdi – 7:1. Azərbaycan çempionu avqustun 24-də qrup oyunlarına ev sahibliyi edən İsveçin “Uddevalla” komandası ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: