İngiltərənin “Uotford” klubunun kolumbiyalı vingeri Yaser Aspirilla bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniya klubu bu transfer üçün “Uotford”a 18 milyon avro ödəyib. Kataloniya təmsilçisinin əlavə bonuslarla İngiltərə klubuna daha 7 milyon avro ödəməsi nəzərdə tutulub. Asprillanın keçidi “Jirona” tarixinin ən bahalı transferi kimi tarixə düşüb.
20 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqavilə bağlayıb. Kolumbiyalı vinger azı 2030-cu ilin 30 iyununa qədər “Jirona”nın uğurları üçün çalışmalıdır.
Yaser Aspirilla Kolumbiyanın “Enviqado” klubunun yetirməsidir. O, “Uotford” 2022-ci ilin yanvarında 3 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiə və hücumun istənilən nöqtəsində oynamağı bacaran universal futbolçu İngiltərə klubunun heyətində 86 oyuna çıxıb, 7 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Aspirilla 2022-ci ilin yanvarından Kolumbiya yığmasında da çıxış edir. O, millinin heyətində 6 oyuna 2 qol vurub.

“Jirona” öz hücumçularından Manu Valyexo isə La Liqa təmsilçisini tərk edib. O, azad agent kimi “Rasinq Ferrol”a keçib. 27 yaşlı ispan futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Manu Valyexo “Kadis”in yetirməsidir. “Valensiya”, “Alaves”, “Real Ovyedo”, “Saraqosa” kimi klublarda da oynamış hücumçu, 2022-ci ildən “Jirona”nın uğurları üçün çalışırdı. O, bu klubun heyətində cəmi 8 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Valyexo İspaniyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt etməyib.
“Jirona”nın sol vingeri Oskar Urenya da “Barselona”ya keçib. 21 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Jirona”nın yetirməsi olan, “Kartaxena” və “Leqanes”də icarədə də olmuş futbolçu, “Barselona”nın B komandasında çıxış edəcək.
“Jirona”nın mərakeşli sağ vingeri İlyas Çayra da “Mirandes”ə icarəyə verilib. 23 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “İbisa”, “Kosta Brava” və “San Fernando”da da icarədə oynayıb.


