Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun forma geyindiyi “Daejeon Hana Sitizen” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Cənubi Koreya çempionatının (K Liqa 1) 2024 mövsümünün 28-ci turu çərçivəsində bu gün “Gimçeon”la qarşılaşıb.
Krivotsyukun komandası doğma meydanda baş tutan bu görüşdə heç-heçə ilə kifayətlənib – 2:2.
Anton bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
“Daejeon Hana Sitizen” 28 turdan sonra topladığı 28 xalla 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda 28 oyunda 6 qələbə qazanıb, 10 heç-heç edib, 12 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 53 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.


