“Çelsi”nin yeni transferi Ceydon Sanço “zadəganlar”ın baş məşqçisi Entso Mareskanın oyun tərzindən heyran olduğunu etiraf edib.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Onun oyun tərzini bəyənirəm. Cinah oyunçuları topu alanda o, onların təkbətək mübarizəyə getməsini və birbaşa fəaliyyətini xoşlayır. Bu, çox cəlbedicidir, bu üslub mənə yaxındır”, deyə Sanço bildirib.
Sanço “zadəganlar”ın keçmiş hücumçusu Didye Droqbanı və London komandasının keçmiş yarımmüdafiəçisi Frank Lempardı isə öz kumirləri adlandırıb. İngilis futbolçunun bu barədə fikrini təqdim edirik:
“Çelsi” rəmzi klubdur. Uşaqlıqda mənim kumirlərim Didye Droqba və Frank Lempard idilər, indi isə mənim də onlar kimi bu klubda oynamaq imkanım var. Bu, əla duyğudur”.
Xatırladaq ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Ceydon “Çelsi”yə bir neçə gün öncə icarə müqaviləsi əsasında cəlb olunub.
Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçmişdi. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.
Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


