Andre Qomes “Lill”də

Bu yay İngiltərənin “Everton” klubundan azad agent kimi ayrılmış portuqaliyalı mərkəz yarımmüdafiəçi Andre Qomes özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Fransanın “Lill” klubu ilə anlaşıb.

O, Liqa 1 təmsilçisi ilə azad agent kimi 2 illik (2026-cı ilin 30 iyununadək) müqavilə bağlayıb.

Andre Qomes “Portu”nun yetirməsidir. “Benfika”, “Valensiya” və “Barselona”da da oynamış futbolçu 2018-ci ildən “Everton”un uğurları üçün çalışırdı. O, İngiltərə klubunun heyətində 114 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Qomes Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, 2014-cü ilin sentyabr ayında isə əsas millidə debüt edib. O, Portuqaliya millisinin heyətində meydana çıxdığı 29 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Everton” gənc mərkəz müdafiəçisi Ris Uelçi də Belçikanın “Deynze” klubuna icarəyə verib. 20 yaşlı ingiltərəli futbolçu cari mövsümün sonunadək icarədə olacaq. Müqavilədə oyunçunun transfer hüquqlarının satın alınmasına dair şərt nəzərdə tutulmayıb.

Ris Uelç “Everton”un öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 2 oyun keçirib. Müdafiəçi ötən mövsüm “Forest Qrin” klubunda da icarədə olub.

Ris Uelç İngiltərənin U-16, U-17, U-19 və U-20 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: