Voyçex Şesnı “Barselona”nın ÇL-i qazanmaq şansını dəyərləndirdi

“Barselona”nın yeni qapıçısı Voyçex Şesnı “blauqrana”nın UEFA Çempionlar Liqasını qazanmaq şansları barədə sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, polyak qapıçının bu barədə cavabını təqdiim edir:

“Avropada elə klublar var ki, bu yarışda təkcə iştirak xatirinə deyillər. Gördüklərimə görə, komandamız çox yaxşı səviyyədədir. Əminəm ki, hər kəs kuboku qazanmağa çalışmağa yüz faizini verəcək. Amma bu baş verməsə və “Barsa” bu mövsüm Çempionlar Liqasını qazanmasa belə, onun gələcəyi çox yaxşıdır. Mən onun istedadını görürəm və 17, 18 və ya 19 yaşlı oyunçular həqiqətən də yüksək səviyyəli oyunçulara bənzəyirlər”, deyə Şesnı vurğulayıb.

Xatırladaq ki, “Barselona” sonuncu dəfə UEFA Çempionlar Liqasını 10 il qabaq, 2014/2015-ci illər mövsümündə qazanıb. Həmin mövsümün final oyununda “blauqrana” “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək, tarixində 5-ci dəfə qitənin ən mötəbər klub yarışının qalibi olmuşdu.

Yeri gəlmişkən, polyak qapıçı bu ilin yayında ayrıldığı “Yuventus”la iş münasibətinin necə bitdiyini də xatırlayıb:

“Yuventus”u təmsil etmək imtiyazdır. Klub dedi ki, mənim dəyərim çox bahadır, onların isə maddi fəsadları vardı. Biz həll yolunu tapdıq. Mən qala bilərdim və mənə pul verərdilər, amma şəxsi münasibətlərə inanıram. “Yuventus”da mənə hörmət edirdilər”.

Xatırladaq ki, Voyçex Şesnı oktyabrın 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib. Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: