“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Borussiya”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, “Santyaqo Bernabeu”da baş tutan oyunda Dortmund “Borussiya”sı ilə qarşılaşan İspaniya nəhəngi ilk hissəni 0:2 hesabıyla başa vurub.
Amma Madrid klubu geridə olduğu oyunda geri-dönüş edərək, son 30 dəqiqədə 5 qol vurmaqla möhtəşəm, əzmkar qələbə qazanıb – 5:2. “Qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior üç qolla fərqlənərək, “Real”ın qələbəsində müstəsna xidmət göstərib.
Matçdan sonra baş tutan mətbuat konfransında Karlo Ançelotti komandasının əzmkar qələbəsi barədə bunları söyləyib:
“Oyunun birinci hissəsində futbolçularım çox “utancaq” oyun nümayiş etdirdilər. Daha diri hərəkət etməli, daha çox risk etməli və rəqibə daha çox təzyiq etməli idik. Fasilədə taktiki sistemimizi dəyişdik və bunun nəticəsi mövsümün ən yaxşı oyun hissəsi oldu. Bununla belə, vurğulayardım ki, əsas olanı taktiki quruluş yox, futbolçuların münasibəti – oyuna köklənməsidir. Komanda tamamilə başqa nəbzdə oynadı və ilk qoldan sonra hər şey dəyişdi. Bu hissə bizim üçün dönüş nöqtəsi ola bilər”, – “Marca” italyan mütəxəssisdən sitat gətirir.
Ançelotti həmçinin “Real”ın braziliyalı ulduzu Vinisiusun het-triki haqda fikrini açıqlayıb:
“Məncə, Vinisius “Qızıl top”u qazanacaq. O, mükafatı alacaq. Söhbət bugünkü oyundan getmir… Önəmli olan onun ötən mövsüm nə etdiyidir. Bugünkü het-trik ona növbəti “Qızıl top” uğrunda mübarizədə kömək edə bilər”.
3 turdan sonra “Real” və Dortmund “Borussiya”sının hər birinin hesabında 6 xal var. Komandalar ÇL-in Liqa mərhələsinin yarış cədvəlində müvafiq olaraq 5-ci və 11-ci yerlərdə müvəqqəti qərarlaşıblar. Digər oyunlardan sonra turun başa çatması ilə komandaların yarış cədvəlində mövqelərinin dəyişəcəyi aydındır.


