“Barselona”nın yeni transferi, polyak qapıçı Voyçex Şesnı səmimi etirafı ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az məlumat verir ki, Şesnı “blauqrana”nın heyətində bu qədər gənc oyunçuya alışmaq gərək olduğunu etiraf edib.
Şesnı əlavə edib ki, “Barselona”nın bir çox gənc oyunçusu, onun karyerasının əvvəlində “Arsenal”dakı çıxışını belə, görməyiblər:
“Bu, qəribədir. Onlardan bəziləri yəqin ki, mənim “Arsenal”da oynadığımı da görməyiblər. Mənə isə elə gəlir ki, bu heç də uzun müddət əvvəl olmayıb! Ancaq bu, bura gəlməyə qərar verməyimin vacib səbəbidir, çünki bu komandaya nəsə verə biləcəyimi düşünürəm”, deyə Şesnı vurğulayıb.
Xatırladaq ki, Şesnı oktyabrın 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayıb. Bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.
Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.
Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.
2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.
Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.
Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.
Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.


