“Əl-Əhli”nin hücumçusu Ayvan Touni “Əl-Nəsr”in kapitanı Kristiano Ronaldodan daha çox qol vurub-vurmayacağı ilə bağlı sualı cavablayıb.
Arena.az ingilis futbolçunun bu barədə cavabını təqdim edir:
“Buna daha çox ümidvaram. Amma düzünü desəm, mən, öz-özümlə yarışıram. Başqalarının nə etdiyinə baxmıram. Əlbəttə, Ronaldonun ən yaxşı oyunçu olduğunu bilirik, amma mən diqqətimi öz üzərimdə cəmləyəcəyəm. Hər şeydan daha yaxşı bacardığım işi icra edəcəyəm”, deyə Touni bildirib.
Xatırladaq ki, “Əl-Əhli” Ayvan Tounini bu ilin yayında İngiltərənin “Brentford” klubundan transfer edib. Mərkəz hücumçusunun Səudiyyə Ərəbistanı klubuna keçidi 42 milyon avro məbləğ müqabilində başa gəlib. İngilis futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. 28 yaşlı forvard “Əl-Əhli”nin heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kristiano Ronaldo isə cari mövsümdə “Əl-Nəsr”in heyətində 12 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Portuqal ulduzun “Əl-Nəsr” karyerası ümumilikdə 76 oyun, 67 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ayvan Touni “Northempton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Nyukasl”, “Barnsli”, “Şrusberi”, “Skantorp Yunayted”, “Uiqan”, “Piterboro” və “Brentford”da çıxış edib.
Ayvan Touni 2023-cü ilin martında debüt etdiyi İngiltərə yığmasının heyətində 6 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


