Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Bosniya və Herseqovina yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Zenitsa şəhərində baş tutan ilk yoxlama görüşü meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Millimiz bu görüşdə 7 cavabsız qola üzülüb. Qarşılaşmadan sonra yığma komandanın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq. Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu. İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdülər. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona “çox sağ ol” düşür. Əlindən gələ qədər kömək etdi.
İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər.
Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar”.
Qeyd edək ki, buu komandalar arasında növbəti oyun sabah – noyabrın 5-də eyni məkanda baş tutacaq. İkinci qarşılaşmaya da Bakı vaxtı ilə saat 22:00-da start veriiləcək.


