Fransa yığma komandasının və “Barselona”nın sağ cinah müdafiəçisi Jül Kunde futbola olan məhəbbətindən söhbət açıb.
Arena.az fransalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Futbolu əvvəlki kimi çox sevdiyimi desəm, yalan olar. Onda bu, mənim həvəsim idi. İndi isə bu, mənim işimdir. Futbola başladığım zamanlarda meydandan kənardakı həyatım ikinci planda idi. İndi isə bu, çətindir. Çünki hazırda maraqlarım çoxdur. Xüsusilə də ailəmin təhlükəsizlikdə olmasını istəyirəm. Həmçinin başqalarına kömək etmək istəyirəm”, deyə Kunde bildirib.
Xatırladaq ki, Jül Kunde Fransanın “Bordo” klubunun yetirməsidir. Buradan “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyulunda 50 milyon avro məbləğ müqabilində İspaniyanın digər klubu “Barselona”ya keçib.
Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kunde “blauqrana” üçün 17 oyuna çıxıb, 1 qol vurub, 4 məhsudlar ötürmə verib.
Kundenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 105 oyun, 4 qol, 14 məhsuldar ötürmədən ibarətdir.
Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 40 oyun keçirib.
Jül Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


