Portuqaliyanın “Braqa” klubunun hücumçusu Abel Ruis bundan sonra İspaniyanın “Jirona” komandasının formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. İspan forvardın transferi yeni klubuna 9 milyon avroya başa gəlib.
Abel Ruis İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, “Braqa”ya 2020-ci ilin iyul ayında 8 milyon avro qarşılığında keçmişdi.
İspan hücumçu Portuqaliya təmsilçisinin heyətində bütövlükdə 189 oyun keçirib. O, bu oyunlarda 38 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
Ruis “Braga” ilə Portuqaliya Kubokunun və Portuqaliya Liqa Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Jirona” daha öncə Ladislav Kreyçini heyətinə qatdığını açıqlamışdı.
“Jirona” perulu mərkəz müdafiəçisi Aleksander Kalyensi də Yunanıstanın AEK klubuna satıb. La Liqa təmsilçisi bu satışdan cəmi 300 min avro qazanıb.
“Jirona” Kalyensi 2023-cü ilin yanvarında “Nyu York Siti”dən azad agent kimi heyətinə qatmışdı. 32 yaşlı müdafiəçi İspaniya klubunun heyətində cəmi 6 matça çıxıb. Ötən mövsüm AEK-də icarədə olan futbolçu Afina təmsilçisində 25 oyuna 2 qol vurub. O, “Nyu York Siti”, “Numansiya”, “Sport Boys”, “Real Sosyedad” kimi klublarda da forma geyinib.
Aleksander Kalyens 2013-cü ilin aprel ayında debüt etdiyi Peru millisinin heyətində 44 oyuna çıxıb, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.
Onu da qeyd edək ki, “Jirona” yeni mövsümdə tarixində ilk dəfə İspaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.