Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) final mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, C qrupunda yer alan yığmamız Almaniyanın Düsseldorf şəhərində reallaşan dördüncü görüşündə Yunanıstan komandası ilə qarşılaşıb.
İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar. Bu oyundan 2 xalla ayrılan komandamız ümumi xalların sayını 5-ə çatdırıb.
Bu gün yığmamızın yer aldığı qrupda Almaniya – Çexiya görüşü də baş tutacaq.
Xatırladaq ki, yığmamız ilk turda Çexiya millisi ilə qarşılaşmış və 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəyə sevinmişdi. Lakin ikinci turda meydan sahibi Almaniya ilə görüş komandamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Türkiyə millisi ilə oyunda da yığmamız 0:3 hesablı məğlubiyyətə üzülmüşdü.
Azərbaycan millisi qrupda beşinci oyununu sabah – avqustun 23-də İsveç kollektivinə qarşı keçirəcək.
Azərbaycan yığması Avropa çempionatında bu oyunçularla mübarizə aparır:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova;
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya birgə ev sahibliyi edirlər. Azərbaycan yığması AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparır.


