Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, 7-ci oyun günündə daha 3 qarşılaşma baş tutacaq.
Əvvəlcə C qrupunun görüşləri keçiriləcək. Günün ilk oyunu Sloveniya və Serbiya yığmaları arasında baş tutacaq. Münhen şəhərindəki qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bu qrupun digər oyununda Danimarka İngiltərəni sınağa çəkəcək. Frankfurt şəhərinin ev sahibliyi etdiyi bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, ilk turda İngiltərə yığması Serbiyanı 1:0 hesabıyla məğlub etmişdi. Sloveniya – Danimarka matçında isə qalib müəyyənləşməmişdi – 1:1.
Günün daha çox maraq doğuran qarşılaşması B qrupunda yer almış İspaniya və İtaliya yığmaları arasında baş tutacaq. B qrupunun görüşü Gelzerkirxen şəhərində keçiriləcək və saat 23:00-da başlayacaq. İspanlar ilk turda Xorvatiyanı 3:0, italyanlar isə Albaniyanı 2:1 hesabıyla məğlub etmişdilər. Albaniya və Xorvatiya yığmaları arasında ötən gün baş tutan oyunda isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, bu Avropa çempionatında hələlik yalnız meydan sahibi Almaniya yığması qrupdan çıxmağı təmin edib.
AÇ-2024
20 iyun
C qrupu
17:00. Sloveniya – Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen. “Alyans Arena”.
20:00. Danimarka – İngiltərə
Baş hakim: Artur Soares Dias (Portuqaliya)
Frankfurt. “Valdstadion”.
B qrupu
23:00. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Gelzerkirxen. “Veltins Arena” stadionu.


