Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında (AÇ-2026) növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu millimiz qitə birinciliyinin 1/8 final mərhələsi çərçivəsində Türkiyə yığması ilə üz-üzə gəlib.
İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:16, 25:22).
Bu nəticədən sonra komandamız Avropa çempionatında mübarizəni dayandırıb. Türkiyə yığması isə 1/4 finala yüksəlib.
Xatırladaq ki, AÇ-2026-nın C qrupunun oyunları Azərbaycanda keçirilib. Bakıdakı oyunlar Milli Gimnastika Arenasında təşkil olunub. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparıb. Azərbaycan millisi turnirdəki ilk görüşündə Portuqaliya yığmasına 3:1, ikinci turda İspaniyaya 3:0, üçüncü turda Rumıniyaya 3:2 hesabıyla qalib gəlib. Komandamız Belçikaya 0:3, Niderlanda 1:3 hesabıyla məğlub olub.


