AEK – “Dinamo” matçı təxirə salındı: Qanlı iğtişaşa görə

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bu gün keçirilməli olan AEK (Afina) – “Dinamo” (Zaqreb) oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, Yunanıstan və Xorvatiya çempionlarının ilk görüşünün təxirə salınması barədə UEFA qərar qəbul edib.

Matçın bu gün keçirilməməsinə isə oyun ərəfəsində ölümlə nəticələnmiş kütləvi dava-dalaş səbəb olub. Belə ki, 29 yaşlı AEK azarkeşi Afina yaxınlığındakı Nea-Filadelfiya şəhərciyində Zaqreb “Dinamo”sunun xuliqanlarının hücumuna məruz qalaraq ölüb. Münaqişə nəticəsində yaralanmış 8 nəfər xəstəxanaya yerləşdirilib. Yunanıstan polisi 96 nəfəri həbs edib.

Hadisə təxminən 150-200 nəfərlik, əvvəlcədən aqressiv köklənmiş xorvat azarkeş dəstəsinin, içərisində qadın və uşaqların da olduğu AEK azarkeşlərinə hücumu ilə başlayıb. Xorvat xuliqanların stadion yaxınlığına bəd niyyətlə gəldiyi və bunun, onların davranışından və “avadanlığı”ndan açıq-aşkar göründüyü vurğulanır. Xorvat xuliqanlar bıçaq, qatlanan dəyənək, çubuq, məşəl, siqnal raketləri və s. əldəqayırma soyuq silahlar və bu kimi yaramaz hadisələrdə istifadə oluna biləcək vasitələrlə dinc azarkeş dəstəsinə qarşı hücuma keçiblər. Söyüş, təhqir, biabırçılıqla müşayiət olunan ilk hücum dalğası artaraq, əlbəyaxaya keçib.

İlkin olaraq, yaralanmış 8 nəfər təcili surətdə hadisə yerindən təxliyə edilərək, “Yunan Qırmızı Xaç” xəstəxanasına yerləşdirilib. Onlardan 5-i yunan, 3-ü isə xorvat azarkeşlərdir, bu şəxslər toqquşmalarda yaralanıblar. Yaralılardan biri isə azyaşlı qızcığazdır.

Yunanıstan polisi çevik əməliyyat keçirərək 96 nəfəri həbs edib: 88 nəfər (82 xorvat, 2 yunan, 1 avstriyalı, 1 alban, 1 bosniyalı, 1 alman) Attika Baş Polis İdarəsində saxlanılır. 8 yaralı məhbus isə “Yunan Qırmızı Xaç” xəstəxanasında müalicə alır (5 yunan və 3 xorvat).

Oyunun bu gün keçirilməsini AEK istəməyib

Yunan polisinin qanlı münaqişəni önləmək üçün hansı tədbirlər həyata keçirməsi ilə bağlı çoxlu suallar yaranıb. Axı hamının təxminən 150-200 nəfərlik xorvat xuliqan dəstəsindən xəbərdar olduğu məlum idi.

Rəsmi açıqlamada bildirilir ki, gənc AEK azarkeşi bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib. Yunan vətəndaşın çoxsaylı bıçaq xəsarətləri aldığı və əlindəki arteriyanın zədələnməsi nəticəsində çoxlu qanaxmadan vəfat etdiyi bildirilir.

AEK buna görə Zaqreb “Dinamo”sunu və Yunan Xalq Azadlıq Ordusunu günahlandırıb və bu gün onamaqdan imtina edib. Nəticədə oyun UEFA-nın müvafiq qərarı ilə təxirə salınıb.

Xatırladaq ki, klubların rəqib olduqları dəqiqləşən kimi, tərəflər rəqib komanda üçün bilet satışının olmayacağı haqda bəyanat vermişdilər. “Dinamo”nun ev oyununda ancaq xorvatların, AEK-in ev oyununda isə ancaq yunanların olacağı nəzərdə tutulmuşdu. Xorvat azarkeşlərin əraziyə şəxsi avtomobillərdə gəldiyi məlumdur.

İlkin ehtimala görə, hadisənin əvvəlcədən planlaşdırıldığı versiyası istisna edilmir. Hazırda hadisəyə dair təhqiqatlar aparılır.

Vurğulayaq ki, Zaqreb “Dinamo”sunun heyətində həmyerlimiz Mahir Emreli çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: