AFFA ən ağır cəzanı “Ağdaş”a kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan İkinci Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Baku Sportinq” – “Şəmkir” oyunu qonaq komandanın formasında qüsurlar olduğuna görə 4 dəqiqə gec başladığı üçün “Şəmkir” 80 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Kür-Araz” oyununda “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Qusar klubu 70 manat cərimə edilib.

“Şəki Siti” – “Lerik” oyununda “Lerik”in futbolçusu Əflatun Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Klub isə buna görə 50 manat cərimə edilib.

“Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qusar” klubunun nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə sözügedən klub 50 manat cərimə edilib.

“Dinamo” – “Kürmük Qax” oyununda “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Ağdaş” – “Füzuli” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Teymur Həbibov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Klub isə buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyundan əvvəl “Ağdaş” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyinə görə 100 manat cərimə edilib.

5-ci turun “Göygöl” – “Dinamo” oyununda “Göygöl”ün heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı “Dinamo” klubunun müraciəti haqqında qərar məsələnin daha detallı araşdırılması üçün növbəti iclasa saxlanılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: