Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra İkinci Liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəfa” – “Şəki Siti” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəfa”nın futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb. “Şəfa” buna görə 350 manat cərimə edilib.
“Ağdaş” – “Baku Sportinq” oyununda “Ağdaş”ın futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Ağdaş” klubu buna görə 50 manat cərimə edilib.
“Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq”in heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olub. Buna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Sözügedən klub buna görə 400 manat cərimə də ödəyəcək.
Xatırladaq ki, ayın 10-da keçirilmiş bu oyunda “Baku Sportinq” səfərdə 4:2 hesablı qələbəyə sevinmişdi.


