AFFA “Cəbrayıl”a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda İkinci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

İkinci Liqa, 4-cü tur

“Şəfa” – “Şəmkir” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəfa”nın futbolçusu Samur-xan Aslanxanov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.

“Qusar” – “Göygöl” oyununda “Göygöl”ün futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan, həmçinin oyun bitdikdən sonra meydançaya daxil olaraq etirazlara davam etdiyinə görə 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. “Göygöl”ün digər futbolçusu Emil Mürsəlov da rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib. “Göygöl”ün baş məşqçisi Araz Mansurov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimə edilib. Bu görüşdə oyun günü planına riayət edilmədiyinə görə “Qusar” klubu 100 manat cərimə edilib. Topdaşıyan uşaqlar təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 80 manat cərimə edilib.

“Ağdaş” – “Lerik” oyununda “Ağdaş”ın futbolçusu Taryel Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Ağdaş”ın azarkeşləri meydançaya daxil olduğuna görə sözügedən klub 80 manat cərimə edilib.

“Dinamo” – “Füzuli” oyununda “Füzuli”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Dinamo” 100 manat cərimə edilib. “Füzuli”nin nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiklərinə görə sözügedən klubu 50 manat cərimə edilib. Xərəkdaşıyanların sayı Əsasnamənin tələblərinə uyğun olmadığına görə “Dinamo” 80 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib. “Cəbrayıl”ın heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Cəbrayıl” klubu buna görə 400 manat cərimə də olunub. (Xatırladaq ki, bu oyun 0:0 hesabıyla başa çatmışdı).

Xəbəri sosial şəbəkələrdə paylaş: