AFFA-dan kubok və Birinci Divizion oyunlarına görə sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin və Birinci Divizionun 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan kuboku

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz klub 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə o, 1 oyun cəzalandırılıb, klubu isə 200 manat cərimə edilib. Bu oyunda “Sabah”ın 4 oyunçusu da sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Birinci Divizion

“Araz Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi”nin 7 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Ülvü Mədətov oyunun 58-ci dəqiqəsində təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. Paytaxt klubu buna görə 320 manat cərimə edilib. “Neftçi”nin baş məşqçisi Rəşad Abdullayev oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb. Klub isə buna görə 400 manat cərimə edilib.

“Araz Naxçıvan”ın futbolçusu Emil Bayramov oyunun 90+5-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Naxçıvan klubu buna görə 20 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Bahadur Quliyev oyunun 90+6-cı dəqiqəsində söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Klub buna görə daha 20 manat cərimə edilib.

“Neftçi”nin futbolçusu Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Klub isə 20 manat cərimə edilib. “Araz Naxçıvan”ın futbolçusu Vüsal Şabanov oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. Klub isə buna görə 160 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir”in 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “Mingəçevir”in futbolçusu Tural Məmmədov 62-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb. Mingəçevir klubu buna görə 160 manat cərimə edilib. “Mingəçevir” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin təhqir edilməsinə görə “Mingəçevir” klubu 400 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda təcili tibbi yardım maşınının gecikməsinə görə Tovuz klubu 160 manat cərimə edilib.

“Zirə-2” – “İmişli” oyununda polis əməkdaşının oyunöncəsi iclasa gecikməsinə görə Zirə klubu 40 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: