Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 5 qərar qəbul olunub.
- Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunub.
- Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib. Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunub (Turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək).
- Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/23 mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq. U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq.
- Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlanılacaq.
- Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmayıb.


