Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Premyer Liqa və Birinci Divizionun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 4-cü tur
“Neftçi” – “Zirə” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub. Meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
“Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
“Səbail” – “Kəpəz” oyununda “Kəpəz”in futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanıb. Gəncə klubu buna görə 4000 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Sabah” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
Birinci Divizion, 2-ci tur
“Qarabağ-2” – MOİK oyununda “Qarabağ” komandası oyun öncəsi protokolu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub. MOİK-in oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunub.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Tunar Mütəllimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Turan Tovuz-2” – “Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Zahid Mərdanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“İmişli” – “Araz Naxçıvan” oyununda “İmişli”nin heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla bu komandaya texniki məğlubiyyət verilib. İmişli klubu 400 manat cərimə də olunub.
“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.


