AFFA-nın Hesabat-Seçki Konfransı keçirildi – Fotolar

Bu gün “Bulvar Marriott Hotel”də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat-Seçki Konfransı keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyətinin nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardınca AFFA-nın prezidenti Rövnəq Abdullayev qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.

Sonra çıxış üçün söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verilib. O, Azərbaycan idmanı üçün əlamətdar günlərdən birinin yaşandığını bildirib, AFFA-nın yeni rəhbərliyinə uğurlar arzulayıb. Ç.Hüseynzadə Rövnəq Abdullayevin AFFA prezidenti olduğu dövrdə Azərbaycan futbolunda infrastruktur baxımından böyük işlər görüldüyünü diqqətə çatdırıb.

AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat xarakterli məruzə ilə çıxış edib. O, 2023-cü ilin əlamətdar hadisəsi kimi 30 illik fasilədən sonra işğaldan azad olunan ərazidə – Xankəndi şəhərində rəsmi futbol matçının keçirilməsini qeyd edib: “Xankəndi şəhərində Azərbaycan Kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk oyun idi. “Qarabağ”la MOİK arasındakı matç Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşılaşmanı stadionda canlı izlədi”. Sonra hesabat dövründə görülən işləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Maliyyə hesabatını təqdim etmək üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Xalid Cavadova söz verilib. O, geniş prezentasiya vasitəsilə gəlirlər və daxiolmlalarla bağlı hesabat təqdim edib.

Ardınca “Russell Bedford” audit şirkətinin Azərbaycandakı nümayəndəsi, müstəqil auditor Səftər Vəlizadənin hesabatı dinlənilib.

Daha sonra 2008-2024-cü illərdə istifadəyə verilmiş infrastruktur layihələri və Azərbaycanda keçirilmiş böyük futbol yarışları haqqında videoçarx nümayiş etdirilib.

Sonra çıxış üçün söz UEFA-nın İcraiyyə Komitəsinin üzvü Servet Yardımcıya verilib. O, UEFA prezidenti Aleksander Çeferinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Servet Yardımcı son illərdə ölkəmizdə futbolun inkişafda olduğunu bildirib.

Canni İnfantinodan Rövnəq Abdullayevə hədiyyə

Ardınca FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədova söz verilib. O, konfrans iştirakçılarına FIFA-nın prezidenti Canni İnfantinonun videomüraciətini təqdim edib. İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevin fəaliyyəti dövründə görülən işləri yüksək qiymətləndirib. Çıxışına davam edən Elxan Məmmədov Rövnəq Abdullayevin 16 illk dövr ərzində Azərbaycan futbolu üçün gördüyü işlərdən bəhs edib. “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışına da toxunan Elxan Məmmədov FIFA prezidentinin adından Rövnəq Abdullayevə hədiyyə təqdim edib.

Ardınca AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib. O, 20 ildir futbol sahəsində çalışdığını xatırladıb: “Neftçi”də olarkən “Pünik” üzərində “Birlik Kuboku”nda qazanılmış qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan boyun qaçırdı. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Futbola dəstəyinə görə ən böyük təşəkkür cənab Prezident İlham Əliyevə düşür. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. FIFA-nın prezidenti Canni İnfantinoya və UEFA-nın prezidenti Aleksander Çeferinə də təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər”.

Çıxışlar başa çatdıqdan sonra Sərxan Hacıyev bildirib ki, gündəlikdəki növbəti məsələ AFFA prezidenti vəzifəsinə seçkinin keçirilməsidir. Bu vəzifəyə yalnız 1 nəfərin – Rövşən Nəcəfin namizədliyinin irəli sürüldüyünü deyən baş katib qeyd edib ki, Nizamnaməyə uyğun olaraq, alternativ namizəd olmadığı üçün açıq səsvermə keçirilə bilər. Konfrans nümayəndələri açıq səsvermə yolu ilə yekdilliklə Rövşən Nəcəfin AFFA prezidenti vəzifəsinə seçilməsinə səs veriblər.

Ardınca çıxış edən AFFA-nın yeni prezidenti Rövşən Nəcəf konfrans iştirakçılarını salamlayıb. O, göstərilən etimada görə futbol ictimaiyyətinə minnətdarlığını bildirib. Rövşən Nəcəf qarşıda duran hədəflərdən bəhs edib: “Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Amma bəzi çatışmazlıqlar da var. Gələcəkdə uşaq futbolunun inkişafı ilə bağlı ciddi işlər görməliyik. Çalışmalıyıq ki, Azərbaycan çempionatının oyunlarına azarkeş marağını artıraq. Milli komandamız FIFA reytinqində layiqli yerdə deyil. Bunun üçün zamana ehtiyac var. Gələcəkdə milli komandamızın da uğurla çıxış edəcəyinə ümid bəsləyirik”.

İcraiyyə Komitəsinin üzvləri təsdiqləndi

Daha sonra İcraiyyə Komitəsinin üzvləri seçilib. 12 yerə eyni sayda namizəd olduğu üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Adları aşağıda göstərilmiş şəxslər yekdilliklə İcraiyyə Komitəsinin üzvü seçiliblər:

Peşəkar Futbol Liqası

  1. Səməd Qurbanov – “Neftçi”
  2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi
  3. Xəyal Cəfərov – “Sumqayıt”
  4. Qurban Qurbanov – “Qarabağ”
  5. Maqsud Adıgözəlov – “Sabah”

Regional Futbol Federasiyaları

  1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyaları İctimai Birliyi
  2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyaları İctimai Birliyi
  3. Sərxan Hacıyev – Regional Futbol Federasiyaları İctimai Birliyi

Sahə Futbol Federasiyaları

  1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası
  2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası

İctimai Futbol Təşkilatları

  1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi
  2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi

Sonda isə söz Rövnəq Abdullayevə verilib. O, konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da, Konfrans öz işini yekunlaşdırıb.

Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövşən Nəcəfin iştirakı ilə mətbuat konfransı keçirilib.