AFFA üçün yeni baş katib – Sərxan Hacıyev

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:

Federasiyanın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AÇ-2020-nin və AÇ-2020 ilə bağlı hesabat işlərinin başa çatması nəzərə alınaraq, bu quruma yeni baş katib təyin olunub. AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub. Xatırladaq ki, bu vəzifəni uzun illər idi Elxan Məmmədov yerinə yetirirdi. Lakin o, iki il öncə qurumun icraçı vitse-prezidenti postuna təyin olunmuşdu. Bu üzdən də son illərdə Məmmədov iki vəzifəni eyni anda icra edirdi.

Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi də təsdiq olunub. Vəli Qasımov sədr təyin edilib. Şuranın üzvləri arasında isə Fəxrəddin Manafov, Asim Xudiyev, Yunis Hüseynov, Qənirə Paşayeva, Sona Abbasova, Anar Həsənov, Rüstəm Əfsərli və Şaiq Qəribzadə yer alıb.

Federasiyanın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilməsi qərara alınıb:

  • Tofiq Məmmədov (Gəncə)
  • Nazim Mehrəliyev (Ağdam)
  • Hafiz Əliyev (Naxçıvan)

AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi də təsdiq olunub.

Sərxan Hacıyev kimdir?

Sonda Sərxan Hacıyevın tərcümeyi halını da diqqətinizə çatdırırıq:

Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.
2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

• 2009-2011 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
• 2011-2012 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
• 2012-ci ildən bugünədək baş katibin müavini

2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar arası Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: