Aftandil Hacıyev: “Bəzi mövqelərə futbolçu tapmaqda çətinlik çəkirik”

Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun haqqında çox danışmaq istəməzdim. Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. “Keşlə” daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq”.

Aftandil Hacıyev heyətlə bağlı problemlərdən də şikayətlənib: “Heyəti qurmaqda çətinlik çəkirdik. Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. Ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. Əlimizdə 3-4 legioner var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik.

Bu oyun bir neçə futbolçu üçün siqnal idi. Növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər matçlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər”.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov isə qələbə qazandıqları matçı belə şərh edib:

“Hər iki komanda üçün vacib qarşılaşma idi. Aşağı sıralarda gedən kollektivlər üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik. Sonuncu pillələrdə olmaq istəmirik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti oyuna hazırlaşmalıyıq.

Rəqibin son iki görüşünü analiz etmişdik. “Zirə” ilə matçda çox yaxşı oynamışdılar. “Neftçi”yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın arxayınlaşmasını istəmirdim”.

Xəbəri sosial şəbəkələrdə paylaş: