“Alanyaspor”un prezidenti “Neftçi” və “Qarabağ”ın qonağı oldu

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu Azərbaycana səfərə gəlib. Arena.az xəbər verir ki, səfərdə məqsəd Super Liqa təmsilçisi olan klubun Azərbaycanda futbol məktəbi açmasıdır.

Bu gün sözügedən futbol məktəbinin açılışı olub. Yasamal rayonunda yerləşən “Royal Park”ın ərazisindəki qapalı futbol meydançasında baş tutan açılışa “Alanyaspor”un prezidenti ilə yanaşı, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar.

“Gold Seven” menecer şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə iştirak edən “Neftçi”nin futbolçusu Azər Salahlı Çavuşoğluna özünün Azərbaycan millisində geyindiyi “3 nömrə”li formanı hədiyyə edib.

Salahlının tədbirdə iştirakı təsadüfi deyildi. Belə ki, onun agenti “Gold Seven” menecer şirkətidir. Salahlının sabiq komanda yoldaşı, “Şamaxı”nın futbolçusu Rafael Məhərrəmli də mərasimdə iştirak edirdi.

Hasan Çavuşoğlu tədbirdən sonra “Neftçi”nin qonağı olub. Paytaxt təmsilçisinin rəhbərliyi ilə görüşdə gələcəkdə klublar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

“Alanyaspor” klubunun prezidenti “Qarabağ”ı da ziyarət edib. Çavuşoğlu Ağdam klubunun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Klubun idarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna klubu ziyarət etdiyi üçün təşəkkür edib. Görüşdə klublar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çavuşoğluna “Qarabağ”ın forması hədiyyə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: