Aleksey Batrakov: “Avropada və ÇL-də oynamaq arzum idi”

Türkiyə çempionu “Qalatasaray”a yeni transfer olunan rusiyalı futbolçu Aleksey Batrakov İstanbul klubunda ilk açıqlamasını verib.

Arena.az xəbər verir ki, 21 yaşlı rusiyalı yarımmüdafiəçi Avropada və Çempionlar Liqasında çıxış etməyin onun üçün böyük arzu olduğunu bildirib.

“Qalatasaray” cümə axşamı Batrakovun Moskva “Lokomotiv”indən transferini rəsmiləşdirib. Türkiyə klubu 21 yaşlı futbolçu üçün 25 milyon avro ödəyib. Batrakov İstanbul təmsilçisi ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb. Beş mövsüm ərzində onun zəmanətli ümumi qazancı 16,25 milyon avro, illik maaşı isə 3,25 milyon avro təşkil edəcək.

Batrakov “Qalatasaray”ın mətbuat xidmətinə açıqlamasında yeni klubunda əsas hədəflərindən danışıb:

“Avropada oynamaq, Çempionlar Liqasında çıxış etmək mənim üçün əsl arzu idi. İndi komandamızın mümkün qədər çox titul qazanması üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam. Əsas məqsədimiz sadəcə Çempionlar Liqasında iştirak etmək deyil, turnirdə mümkün qədər irəliləməkdir”, – deyə futbolçu bildirib.

Aleksey Batrakov “Lokomotiv”in əsas komandasında 84 rəsmi matç keçirib. O, bu görüşlərdə 34 qol vurub və 23 məhsuldar ötürmə edib. Rusiyalı yarımmüdafiəçinin milli komandada isə 12 oyunda 4 qolu var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: