Futbol üzrə Azərbaycan milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev bundan sonra “Qarabağ”ın formasını geyinəcək.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu olan Ağdam klubu bu qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Sözügedən klub “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin də üzvü olan 28 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, “Qarabağ”ın yeni transferi 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddət ərzində “bayquşlar”ın heyətində 108 oyun keçirib, 12 qola imza atıb, 23 məhsuldar ötürmə müəllifi olub.
İsayev “Sabah”dan öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib. Yarımmüdafiəçi sözügedən komandada 43 oyun keçirib, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Aleksey Azərbaycana gələnə qədər Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18) komandalarında da çıxış edib. O, 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan millisində 19 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə verib.








