Futbol üzrə Bosniya və Herseqovina milli komandasının yarımmüdafiəçisi Amir Hacıahmetoviç Türkiyədə klubunu dəyişib. Arena.az xəbər verir ki, “Konyaspor”un şərəfini qoruyan 25 yaşlı futbolçu Super Liqanın daha iddialı klublarından olan “Beşiktaş”a transfer olunub.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Amir yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. “Beşiktaş” bu transfer üçün Konya klubuna 3.2 milyon avro ödəyib.
Amir Hacıahmetoviç “Jelezniçar”ın yetirməsidir. O, 2016-cı ildən formasını geyindiyi “Konyaspor”da 199 oyun keçirib, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu Bosniya və Herseqovina yığmasında da 21 oyun keçirib.
“Konyaspor” digər yarımmüdafiəçisi Zyumer Byutyuqini də Yunanıstanın “Olimpiakos” klubuna satıb. Super Liqa təmsilçisi bu transferdən də 1 milyon avro qazanıb. 26 yaşlı vingerin yeni klubu ilə müqavilə müddəti açıqlanmır.
Byutyuqi 2020-ci ildən oynadığı “Konyaspor”da 83 matça çıxıb, 11 qol vurub, 15 məhsuldar ötürmə edib. O, daha öncə “Vikinq” və “Sandnes”də də forma geyinib. Norveçin aşağı yaş qrupları üzrə yığmalarında oynamış yarımmüdafiəçi, 2020-ci ildən Kosovonun əsas millisində oynayır (16 matç, 1 qol).
“Konyaspor” bu transferin tərkib hissəsi kimi “Olimpiakos”un yarımmüdafiəçisi Andreas Buxalakisi icarəyə götürüb. Yunanıstandan olan 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi Türkiyədə oynayacaq.
2018-ci ildən “Olimpiakos”da çıxış edən mərkəz yarımmüdafiəçisi bu komandada 226 oyuna 14 qol və 16 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Erqotelis” və “Nottingem Forest”də də oynayıb. Yunanıstan yığmasında 35 oyun keçirmiş futbolçu 1 qol vurub.


